Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 177-ci (Oğurluq), 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məhkum olunmuş Xocahəsən qəsəbə sakini Vüqar Mürsəlov polislər tərəfindən saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd atəşə yararlı “Makarov” markalı tapança, bir ədəd patron darağı və altı ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 40-cı Polis Bölməsində V.Mürsəlov barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.