Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi baş verib, Teleqraf.com məlumat yayıb.
Median.az xəbər verir ki, yanvarın 25-də paytaxt sakini Fərid Həsənov Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə müraciət edib.
O, bildirib ki, rayon ərazisində yerləşən internet klublarından birindən çıxan zaman tanımadığı şəxs ona yaxınlaşaraq 187 manat pulunu əlindən alıb.
Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nərimanov rayon sakini Ceyhun Sultanov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə internet klubda zərərçəkənin pulunu ələ keçirmək istəyib.
Amma orada istəyinə nail ola bilməyən Ceyhun Sultanov Fərid Həsənovun klubdan çıxması gözləyib və ona yaxınlaşıb.
Qeyd edək ki, saxlanılan şəxs zərərçəkənin pul kisəsində olan 197 manatı götürəndən sonra 10 manatı yol pulu etməsi üçün Fərid Həsənovun özünə geri qaytarıb.
Qeyd edilən faktla bağlı 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib
Soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Nərimanov rayon Polis İdarəsi və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.//milli.az