Pəncərəni qıraraq gözəllik salonuna girən şəxslər ordan saç və külli miqdarda pul oğurlayıblar.
Hadisə paytaxtın Nərimanov rayonu Faiq Yusifov küçəsində Ramal İslamlıya məxsus gözəllik salonunda baş verib. Zərərçəkmişin sözlərinə görə, səhər saatlarında salonu açıb içəri daxil olarkən hər tərəfin dağınıq olduğunu görüblər. Dərhal seyfə baxış keçirən zərərçəkmiş külli miqdarda pulun oğurlandığını görüb.
Hadisə yerinə ərazi üzrə 17-ci polis şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Məlum olub ki, cinayəti törədən şəxslər izi itirmək məqsədi ilə gözəllik salonundan çıxarkən təhlükəsizlik kameralarını və onun yaddaş kartını da sökərək özləri ilə aparıblar. Başqa maraqlı bir nüans odur ki, oğurluq edən şəxslər salonun mühafizə polisi tərəfindən qorunduğunu bildikləri üçün qapıdan daxil olmayıblar ki, ''həyacan'' siqnalı işləməsin. Onlar arxa tərəfdəki pəncərədən daxil olub oğurluq etdikdən sonra ordan da çıxıblar.
Nərimanov rayon 17-ci polis şöbəsindən bildirildi ki, hadisə ilə əlaqədar əməliyyat qrupu yaradılaraq axtarış aparılır. Fakta görə rayon polis idarəsində cinayət işi başlanıb.