Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Zamin Rəsulovun (1956-cı il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Median.Az xəbər verir ki, bu il martın 29-da Sabunçu RPİ 14-cü polis bölməsi və rayon prokurorluğunun əməkdaşları Maştağa qəsəbəsi, B.Bağırov küçəsi dalan 1-də yerləşən 20№i evə baxış keçiriblər. Yataq otağındakı çarpayıda Natavan Rəsulovanın meyiti, cəsədin sol bazu nahiyyəsindən çıxarılmış bıçağın tiyə hissəsi, mələfə, döşəmənin üzərində qan ləkələri, bıçağın dəstək hissəsi, iki ədəd açar, bir cüt sırğa və üzük açkar edilib. Hadisə yerində cinayəti törədən Zamin Rəsulov saxlanılıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, Natavan Rəsulovanın ölümünə - ürəyin və sol ağ ciyərin 5 ədəd deşilmiş-kəsilmiş yaraları ilə əlaqədər baş vermiş daxili və xarici qanitirmə səbəb olub.
İstintaqla müəyyən edilib ki, Zamin Rəsulov Natavan Rəsulova ilə ər-arvad münasibətində yaşadıqları müddətdə, sonuncunun 90.000 manat pulu onun xəbəri olmadan xərcləməsinə görə mütəmadi olaraq aralarında mübahisələr yaranıb. Bunun nəticəsi olaraq o, qadını 2017-ci ilin avqustunda evdən qovub. 2018-ci il marıtn 29-da stasionar qaydada müalicə olunduğu xəstəxanadan çıxıb qızı Nüşabə ilə evinə qayıtdıqda Natavan Rəsulovanın evdə olduğunu görüb, bir daha ondan xəbərsiz pulu hara xərcləməsini soruşub. Növbəti dəfə yaranmış mübahisə zamanı Zamin Rəsulov mətbəx otağından götürdüyü bıçaqla, qızının yalvarışlarına məhəl qoymadan, müstəsna dərəcədə qəddarlıq və rəhimsizliklə zərbələr vuraraq, yoldaşını qisas niyyəti ilə qəsdən həyatdan məhrum edib.
Təqsirləndirilən şəxs qismində dindirilmiş Zamin Rəsulov bildirib ki, 2004-cü ilin əvvəllərində Maştağa qəsəbəsində ev alıb və orda həyat yoldaşı Natavanlа birlikdə yaşayıb. 2008-ci ildə evdə onun təxminən 130.000 manat pulu olub. Həmin məbləğdən 40.000 manat pulu şəxsi işlərinə xərcləyib. 2011-ci ildə insult keçirib, səhhəti ilə əlaqədar 2014-cü ilə kimi müəyyən fasilələrlə işləyib. 2015-ci ildən sonra Natavanla münasibəti pisləşib, çünki sonuncu onun evdə qalan 90.000 manat pulu götürüb xərcləyib. 2017-ci ilin payız aylarında arvadını evdən qovub. Sonuncu dəfə 2018-ci il martın 10-da yenidən insult keçirib və qızı Nüşabə onu 3 saylı xəstəxanasına yerləşdirib. 19 gün orda stasionar müalicə almış və hadisə baş verən gün, yəni ayın 29-u saat 15 radələrində qızı ilə evinə gəlib. Evdə Natavanı görüb, qızına deyib ki, onu evdən qovsun, lakin arvadı heç yerə getməyib. Evdə qonaq otağında çay içərkən, qadından əsəbiləşdiyindən əllərini başına çırpıb. Saat 18 radələrində görüb ki, evin dəhlizindədir və əlindən qan axır. Sonra baş verənlər yadında qalmayıb. Bir neçə dəfə insult keçirtdiyi üçün yaddaşı ilə bağlı problem yaşayır. Deyilənlərə görə, arvadına bıçaqla xəsarətlər yetirərərk, onu qətlə yetirib, lakin Natavanı necə öldürdüyünü xatırlamır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum və müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilib.
Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxışda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Növbəti iclas ayın 14-nə təyin edilib.