Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov ittiham aktını elan edib.
Ə.Bünyatov elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.
O deyib ki, qonşusu Xaliq Nəsirovu, əslində, söyüş söydüyü üçün bıçaqlayıb:
“Məhləmizdə qapının ağzında köynəksiz oturmuşdum. Bu zaman qonşum Xaliq geyimimə irad bildirdi və gözlənilmədən məni nalayiq söyüşlərlə söyməyə başladı. Mən də evə girib, bıçağı götürüb qayıtdım və onu bıçaqladım. Kim olsa, bu söyüşləri götürməzdi”.
O, əməlindən peşman olduğunu bildirib.
Daha sonra zərərçəkmiş Xaliq Nəsirov dindirilib. O, qonşusuna məhlədə çılpaq oturduğu üçün irad bildirdiyini təsdiq edib:
“Əzizağaya da bir qardaş kimi dedim ki, “belə geyinmə, yol qırağıdır, qız-gəlin keçir. Camaatın anası-bacısı var, olmaz axı belə. Ancaq söyüş söyməmişəm. O, mənim sözümdən sonra evdən bıçağı götürüb üstümə gəldi və məni vurdu”.
Məhkəmə iclası dekabrın 12-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib.
1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs isə 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb və rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.//oxu.az