Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov və Həsən Mənsurovun CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il aprelin 16-da gecə saat 3 radələrində Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən üç nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan ümumilikdə 867 manat pul alaraq hadisə yerini tərk ediblər.
Məlumat daxil olandan sonra Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Xətai RPİ-nin əməkdaşları tərəfindən isti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Həsən Mənsurov və Bəxtiyar Camalov saxlanılıblar. Mənsurovun yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapançalar və maskalar aşkarlanaraq, götürülüb.
Məhkəmənin hökmü ilə H.Mənsurov 11 il, B.Camalov 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.