Bakı Ağır Cinayətlər Məhkəməsində Əlyar Osmanovun (1976-cı il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il martın 7-də Binəqədi rayonu ərazisindən 5 bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə Xaliq Kələntərov (1980-ci il təv.) çatdırılıb. Həkimlər zərərçəkmiş şəxsin həyatını xilas ediblər. Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları cinayəti törədən Əlyar Osmanovu saxlayıblar. Məlum olub ki, o əvvəllər məhkum olunub.
Məhkəmə nəticəyə gəlib ki, Ə.Osmanovun ittiham olunduğu CM-nin 29.120.1-ci maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməlidir.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xatırladaq ki, prosesdə ifadə verən zərərçəkmiş Xaliq Kələntərov bildirib ki, Ə.Osmanovla münasibətləri yaxşı olub, hadisə baş verən gün hər ikisi içkili olub və sadəcə aralarında anlaşılmazlıq baş verib, bir-birlərini başa düşməyiblər. Zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını deyib.