Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Xəyal Abbasovun (1987-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il iyunun 8-də Sumqayıt şəhəri 41-ci məhəllənin ərazisindəki Bələdiyyə parkında Neftçala rayon sakini Emil Nuriyevin (1975-ci il təv.) üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Hadisədən 4 gün sonra 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən əvvəllər məhkum olunmuş Xəyal Abbasov saxlanılıb.
İstintagın gedişatında məlum olub ki, Xəyal Abbasovla Emil Nuriyev arasında köhnədən ədavət olub. Hadisə günü çay evində üz-üzə gələn tanışlar aralarında olan ədavətə son qoymaq üçün təkbətək söhbət ediblər. Nəticədə Xəyal üzərində gəzdiridiyi bıçaqla Emilə 9 bıçaq zərbəsi vuraraq, onu qəsdən həyatdan məhrum edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.