Gədəbəy rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə və qonşusunu döyməkdə təqsirli bilinən Əlviz Əsgərov həbs edilib.
Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əlviz Əsgərov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Könül Allahverdiyevanı baltalayıb.
O, daha sonra qonşusu, 1949-cu il təvəllüdlü Firudin İsmayılovu yaxınlıqdakı meşədə ağac parçası ilə döyərək, ona ağır xəsarətlər yetirib.
Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Məlumata görə, qadına sol yuxarı ətrafın çapılmış və sınmış yarası diaqnozu qoyulub və onun vəziyyəti ağırdır.
Eyni zamanda ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ağır əzilmiş və çapılmış xəsarətlər alan Firuddin İsmayılovun da vəziyyəti ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Əlviz Əsgərov həbs edilib.
İstintaq orqanı tərəfindən Əlviz Əsgərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmək) maddəsi ilə cinayət işi açılıb.
Bu gün Gədəbəy rayon Məhkəməsində Əlviz Əsgərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının təqdimatına baxılıb.
Hakim Maarif Kazımovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanının təqdimatı təmin olunub.
Əlviz Əsgərovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaqa ifadə verən Əlviz Əsgərov törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, hadisəni qisqancliq zəminində törədib.
Əlviz Əsgərovun ifadəsinə görə, arvadının qonşusu ilə olan münasibətini öyrənib. O, qeyd edib ki, işi ilə əlaqədər əvvəllər kənddə gec-gec olub: "Amma son 4 il ərzində işimdən ayrılmışdım və kəndə qayıtmışdım. Arvadımın başqa kişi ilə münasibət saxlamasını eşitmişdim. Amma sübut yox idi. Bu səbəbdən 4 il onun bu hərəkətlərini izlədim, axırda şübhələrim və deyilənlərin doğru olduğunu öyrəndim.
Hadisə baş verən günü arvadımla mübahisə etdim. Sonra balta ilə arvadımı vurdum. Cinayəti törədəndən sonra küçəyə çıxdım. Firudinin harada olduğunu öyrəndim. Bildim ki, o, meşə kənarındadır. Həmin yerə getdim. Orada Firudin ilə mübahisə etdim. Mübahisə zamanı yol kənarında olan ağac parçası ilə ona çoxsaylı xəsarətlər yetirdim”.
Əlviz Əsgərovun sözlərinə görə, hadisə baş verən günü arvadının Firudin ilə birlikdə yaxalayıb.
Qeyd edək ki, Əlviz Əsgərovun Könül Allahverdiyeva ilə olan birgə nikahlarından 4 uşaqları var.
Qeyd edək ki, cinayətdə adı hallanan Firudin Məmmədov əvvəllər 4 dəfə ailə həyatı qurub, sonra da onun həmin nikahları pozulub.
Hazırda Gədəbəy rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.