Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzağa Məmmədovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Median.Az xəbər verir ki, ötən il dekabrın 20-də Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, Çingiz Qədirliyə (1999-cu il təv.) bıçaqla ağır xəsarətlər yetirib. Respublika Klinik Xəstəxanasına çatdırılan gənc orada kəskin qanitirmədən dünyasını dəyişib. Onun öldüyünü eşidən yaxınları xəstəxanaya gələrək, mühafizəçiyə xəsarətlər yetiriblər, xəstəxananın qapılarını və şüşələrini sındırıblar. Çağırış əsasında hadisə yerinə Yasamal RPİ Post-Patrul Xidmətinin əməkdaşları cəlb olunaraq, asayişi bərpa ediblər.
Cinayəti törədən M. Məmmədov həmin axşam Binəqədi RPİ-nin əməkdaşları tərəfindən şübhəli saxlanılıb və istintaqa təqdim olunub.
Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 20 il cəza təyin olunmasını xahiş edib.
Növbəti proses ayın 17-nə təyin edilib.