Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Vüqar Hüseynovun CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, hadisə bu il yanvarın 15-də Abşeron rayon Saray qəsəbəsində baş verib. Belə ki, Vüqar Hüseynovun qızı və nəvəsi avtomobil qəzasına düşərək, hər ikisi keçinib.
Bununla əlaqədar yas mərasimi keçirilib. Mərasim başa çatandan sonra Vüqar qohumu Muğam Şakirova niyə gəlməməsi ilə bağlı irad bildirəndə, sonuncu mərhumları təhqir edib. Bundan qəzəblənən Hüseynov Şakirova yumruqla baş nahiyəsinə zərbələr vurub. Nəticədə sonuncu aldığı zərbələrdən huşunu itirib və ayın 17-də ağır dərəcəli kəllə-beyin travmasından Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.
Araşdırmaya başlayan Abşeron RPİ-nin əməkdaşları "Kürd Vüqar" ləqəbli V.Hüseynovu saxlayaraq, istintaqa təqdim ediblər.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.