Qızılağac Milli Parkının ərazisinə icazəsiz daxil olan və ova cəhd edən şəxs xidməti vəzifələrini yerinə yetirən parkın əməkdaşlarına atəş açaraq hadisə yerindən qaçıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə oktyabrın 1-də, gecə saatlarında baş verib. Milli parkın mühafizə yegerləri icazəsiz əraziyə daxil olmuş şəxsin saxlanılması məqsədilə reyd keçirərkən milli park əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyer mühafizə yegerləri Arif Cəfərov və Böyükişi Qaraşova bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb. Yegerlər xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. Faktla bağlı rayon polis şöbəsinə məlumat verilib.
Aparılan araşdırmalar nəticəsində mühafizə yegerlərini yaralayaraq hadisə yerindən qaçmış brakonyerin Masallı rayonunun Köçəkli kənd sakini İlqar Səmədov olduğu müəyyən edilib və o, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı təhqiqat aparılır.