Bacısını zorlayan Quba rayon rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə kasassiya şikayəti verib.
Median.Az ölkə.az-a istinadən xəbər verir ki, Səadət Nemətovanın dünyaya gətirdiyi uşağın qardaşı Taleh Nemətovdan olması məhkəmə tibbi-bioloji ekspertiza tərəfindən təsdiqlənib.
Xatırladaq ki, Quba rayon sakini, 1993-cü il təvəllüdlü Taleh Nemətov (cinayət işində adı hallanan şəxslərin ad və soyadları şərti göstərilib) 2012-ci ilin mart ayının sonunda, saat 21:30 radələrində yaşadığı Quba rayonunda 1997-ci il təvəllüdlü bacısı Səadət ilə cinsi əlaqədə olmaq istəyib. O, bu məqsədini həyata keçirmək üçün bacısını öldürəcəyi ilə hədələyib. Taleh bacısını zorlayıb və qızlıq bəkarətini pozub.
Bu əməli ilə Taleh Nemətov Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) və 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədib. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Bundan sonra bacım yatmağa getdi..."
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh Nemətov ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, atası Sabir, analığı Samirə, qardaşı Samir və bacısı Səadət Quba rayonunda iki mərtəbəli evin 2-ci mərtəbəsində yaşayıblar:
"Otaqların birində mən, qardaşım və bacım yatmışıq, digər otaqda isə atam və ögey anam yatıblar. 2012-ci ilin mart ayının sonlarında, axşam saat təxminən 20 radələrində işdən evə gəldim. Evdə təkcə bacım Səadət olmuşdu. Atam, anam və qardaşım ögey xalam Yasəməngilə qonaq getmişdilər. Bacım ilə birlikdə çörək yedik. Bundan sonra bacım yatmağa getdi. Saat 21 radələrində hal-hazırda hərbi xidmətdə olan dostlarım Füzuli və Vasiflə görüşmək üçün evdən məhəlləyə çıxdım. Məhəllədə təxminən bir saat dostlarım ilə vaxt keçirdikdən sonra evə qayıtdım. Təxminən saat 23-də atamgil evə qayıtdılar. Bir qədər atamgillə söhbət etdikdən sonra bacım yatan otağa yatmağa getdim. Yerdə döşəyin üstündə yatmışdım. Səhər yuxudan oyanıb atam ilə birlikdə işə getdim".
"Bacımın uşaq doğması xəbərini eşitdim"
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci il aprel ayının sonlarında hərbi xidmətə gedib:
"Hərbi xidmətdə olarkən 2012-ci ilin dekabr ayında bacımın uşaq doğması xəbərini eşitdim. Bacım ilə münasibətim həmişə yaxşı olub. Bacı-qardaş kimi bir-birimizi çox istəmişik. Bacımı zorlamamışam, bacım ilə cinsi əlaqədə olmamışam, bacıma qarşı heç bir əxlaqsız hərəkət etməmişəm. Əgər Səadətə qarşı hansısa bir əxlaqsız hərəkət etmişəm və onu qorxudaraq bu hərəkət barədə heç kimə deməməyimi tapşırmışdımsa hərbi xidmətdə olarkən valideynlərimə deyərdi. Bacım yalan danışır, üstümə şər atır. Bacımın mənə böhtan atmasının səbəbini bilmirəm. Bacımın başqa bir oğlanla görüşdüyünü görməmişəm və eşitməmişəm".
"Yataq otağına getdim, soyunaraq çarpayıya uzandım"
Məhkəmədə zərərçəkmiş şəxs qismində Səadət Nemətova da ifadə verib. O, bildirib ki, 1997-ci ildə anadan olub:
"Orta məktəbdə 5-ci sinifə kimi, yəni 11 yaşımadək oxumuşam. Valideynlərim ilə, qardaşlarım Taleh və Samirlə münasibətim həmişə yaxşı olub. 2012-ci ilin mart ayının sonlarında təxminən saat 14 radələrində atam Sabir, analığım Samirə və kiçik qardaşım Samir qonşu kənddə yaşayan ögey xalam Yasəmənin evinə qonaq getmişdilər. Həmin vaxt böyük qardaşım Taleh evdə deyildi. O, Quba şəhər bazarında atamın işlətdiyi dükanda idi. Axşam saat 19 radələrində Taleh işdən evə gəldi. İkimiz birlikdə yemək yedik. Həmin vaxt Taleh mənə bir söz demədi. Sonra süfrəni yığışdırdım. Saat təxminən 21 radələrində yataq otağına getdim, soyunaraq çarpayıya uzandım. Təxminən 5-10 dəqiqə sonra Taleh həmin otağa gəldi. Taleh soyunaraq yerdə sərilmiş döşəyə uzandı. Uşaqlıqdan bir otaqda qaldığımız üçün soyunub-geyinərkən bir-birimizdən utanmamışıq".
"Zorla əynimdəki tumanı çıxartmağa başladı..."
Qardaşı tərəfindən təcavüzə məruz qalan qız daha sonra başına gələnləri belə danışıb:
"Taleh yerinə uzanarkən mənə bir söz demədi. Həmin vaxt mən də yuxuya getdim. Yuxuda olduğum zaman birdən kiminsə üstümdə olduğunu hiss etdim. Diksinərək yuxudan oyananda qardaşımın üstümdə olduğunu gördüm. Talehə "neyləyirsən, üstümdən dur" dedim. Talehsə mənə "səsini çıxarma, sakit dur" dedi. Qardaşımdan qışqıraraq üstümdən durmasını tələb etdim. Qardaşım "qışqırma yoxsa səni öldürəcəm" bildirdi. Zorla əynimdəki tumanı çıxartmağa başladı...".
"Bunu kiməsə danışsan, səni öldürəcəm"
Səadət daha sonra bildirib ki, həmin vaxt qışqırmaq istəsə də, qardaşı əli ilə onun ağzını tutub:
"Mən qardaşımı üstümdən itələməyə çalışdım. Qardaşım qollarımdan tutaraq burdu, çarpayıya sıxdı. Əllərimi sinəmə sıxaraq bel nahiyəmə tərəf qatladı. Qardaşım "sakit dur" deyə-deyə məni zorladı. Qışqırır, ağlayırdım, qardaşıma yalvarırdım ki, məni zorlamasın. Ağlaya-ağlaya qardaşımdan üstümdən durmasını deyirdim. Qardaşım əli ilə ağzımdan tutdu və mənə təcavüz etməkdə davam etdi. Məni zorlayandan sonra qardaşım "bunu kiməsə danışsan, səni öldürəcəm" dedi və otaqdan çıxdı. Mən isə çarpayıda oturub ağladım. Qardaşım yenə də otağa gəldi və yenidən mənə "bunu kiməsə danışsan, səni öldürəcəm" dedi və sonra yatdı".
"Özünü elə apardı ki, guya aramızda heç həmin şey olmayıb"
Səadətin sözlərinə görə, səhəri gün atasını, analığını və kiçik qardaşını görüb: "Yatdığım üçün gecə onların evə qayıtmasından xəbərim olmayıb. Qorxumdan valideynlərimə və heç kimə hadisəni danışmadım. Bundan sonra Taleh mənimlə daha cinsi əlaqədə olmadı. Aramızda həmin gecə baş verənlər barədə və ümumiyyətlə cinsi əlaqə barədə söhbət olmayıb. Qardaşım olanlar barədə daha bir söz demədi, özünü elə apardı ki, guya aramızda heç həmin şey olmayıb".
"Həkimlər hamilə olduğumu, uşağım olacağını dedilər"
Zərərçəkmiş qız daha sonra ifadəsində qeyd edib ki, 2012-ci ilin aprel ayının sonlarında Taleh Bakı şəhərinə hərbi xidmətə gedib:
"Qardaşım məni öldürməklə hədələdiyi üçün qorxumdan heç kimə bu barədə bir söz demədim. Bir neçə aydan sonra yay aylarında qarnımın şişməyə başlamasını hiss etdim. Uşağın necə əmələ gəlməsini, kişi ilə qadının cinsi əlaqədə olması nəticəsində uşaq əmələ gəldiyini bilməmişəm. Ona görə də qarnım şişdiyi üçün kökəldiyimi zənn etdim. Uşağım olacağını bilməmişəm. Ögey anam kökəldiyimi dedi. 2012-ci ilin dekabr ayının 10-da yatan vaxtı qarnımdan ağrılar, sancılar hiss etməyə başladım. Qarnımın yeməkdən ağrıdığını zənn etdim. Səhər ağrılar artdığı üçün analığıma bu barədə dedim. Analığım atama zəng etdi, ağrılarımın olmasını dedi. Atam evə gəldi. Birlikdə Quba rayon mərkəzi xəstəxanasına gəldik. Xəstəxanada müayinə edildikdən sonra həkimlər hamilə olduğumu, uşağım olacağını dedilər. Valideynlərim kiminlə yaxınlıq etdiyimi soruşdular. Əvvəl deməyə qorxdum. Lakin valideynlərim məni danlayandan sonra qardaşım Talehin mənə qarşı etdiyi hərəkətləri danışdım".
"Digər otaqda isə oğullarım və qızım yatırdılar"
Məhkəmədə Taleh və Səadətin atası Sabir kişi də ifadə verib. O qeyd edib ki, 1993-cü il təvəllüdlü Taleh adlı, 1995-ci il təvəllüdlü Samir adlı oğulları və 1997-ci il təvəllüdlü Səadət adlı qızı dünyaya gəlib: "Uşaqlarımın hər üçü birinci arvadım Nəzakətdəndir. 1997-ci ildə Nəzakətdən ayrıldıqdan sonra Samirə adlı qadınla ailə qurmuşam. Yaşadığımız ev ikimərtəbəli olmaqla hər mərtəbədə iki otaq olub. İkinci mərtəbədə olan otaqlardan birində mən və Samirə, digər otaqda isə oğullarım və qızım yatırdılar. Övladlarım həmişə bir-biri ilə mehriban olub. Övladlarım arasında narazılıq hiss etməmişəm, bacı-qardaş münasibətlərində olublar. 2012-ci ilin aprel ayının sonlarında böyük oğlum Taleh hərbi xidmətə çağırılıb. Bakı şəhərində yerləşən hərbi hissələrin birində xidmət edib".
"Qızımdan kimdən hamilə qaldığını soruşdum"
Sabir kişinin sözlərinə görə, 2012-ci ilin dekabrın 10-da, təxminən saat 10 radələrində Quba şəhər bazarında olarkən arvadı Samirə zəng edib: "Arvadım qızım Səadətin sancılandığını, qarın ağrılarının olduğunu dedi. Dərhal evə getdim. Samirə ilə birlikdə qızımı Quba rayon mərkəzi xəstəxanasına gətirdik. Orada qızımı müayinədən keçərən həkim 35 həftəlik hamilə olduğunu dedi. Bu xəbər mənim üçün gözlənilməz və ağır oldu. Qızımdan kimdən hamilə qaldığını soruşdum. Qızım əvvəlcə heç nəyi etiraf etmək istəmədi. Bir qədər sonra arvadıma 2012-ci ilin mart ayının axırlarında qardaşı Talehin onunla zorla cinsi əlaqədə olmasını dedi. Bu xəbər mənim üçün daha da ağır və gözlənilməz oldu. Həmin gün saat 15 radələlərində Səadət qız uşağı doğdu".
"Düşünürəm ki, Səadət başqası ilə cinsi əlaqədə olub"
Sabir Nemətov daha sonra bildirib ki, arvadı və kiçik oğlu ilə həqiqətən də 2012-ci ilin mart ayının sonlarında, günorta saatlarında Vəlvələ kəndində yaşayan baldızı Yasəməngilə qonaq gediblər:
"Elə həmin gün saat 21 radələrində yaşadığım kəndə qayıtmışıq. Biz evə qayıdarkən qapını oğlum Taleh açdı. Qızım isə həmin vaxt yatmışdı. Həmin vaxt qızımın oğlum tərəfindən zorlanmasını, ümumiyyətlə, qeyri-adi nəyinsə baş verməsini hiss etməmişəm. Qızım yalan danışır, oğlumun üstünə şər atır. Səadət Talehin həmin hərəkəti barədə heç nə deməyib. Bu barədə oğlum hərbi xidmətdə olarkən mənə və ya analığına deməli idi. Əksinə Səadət Taleh əsgərlikdə olarkən dəfələrlə onunla mobil telefon vasitəsi ilə danışıb, Talehin hərbi andiçmə mərasimində iştirak edib, oğlum məzuniyyətdə olarkən də onunla çox mehriban və normal münasibətdə olub. Düşünürəm ki, Səadət başqası ilə cinsi əlaqədə olub və qızımın dünyaya gətirdiyi uşaq da başqasından olub. Səadət Talehin hərbi xidmətdə olmasını və hərbi xidmətdə olduğu üçün də tutulmayacağını güman etdiyi üçün öz ifadələrində Taleh tərəfindən zorlanmasını göstərib".
"Amil üzümdən öpüb, mənimlə cinsi əlaqədə olmayıb"
Sabir Nemətov daha sonra bildirib ki, hadisədən bir müddət sonra arvadı ilə birlikdə qızının yatdığı çarpayının altından üzərində "sevgilim Amil" sözləri yazılmış kağız parçası da tapıblar. Səadət Nemətova məhkəmədə verdiyi əlavə ifadəsində bildirib ki, hadisə baş verən ərəfədə 14 yaşı təzəcə tamam olduğu üçün kişi ilə qadının cinsi əlaqədə olmasının mahiyyətini dərk etməyib:
"Kişi ilə qadının cinsi əlaqədə olması nəticəsində uşaq əmələ gəldiyini bilməmişəm. Eyni zamanda qardaşım Taleh məni zorladıqdan sonra öldürəcəyi ilə hədələyib. Qorxumdan bu barədə heç kimə bir söz deməmişəm. Yatdığım çarpayının altından üzərinə "sevgilim Amil" sözləri yazılmış kağız parçası mənə məxsus olub. Həmkəndlim Amili həqiqətən də sevmişəm. Amillə bir dəfə həyətimizdə görüşmüşəm. Amil üzümdən öpüb. Lakin heç bir zaman Amillə hər hansı bir əlaqədə olmamışam. Amil sevgilim olub, məni zorlamayıb. Mən qardaşım Talehi çox istəyirdim. Heç kəs məcbur edə bilməzdi ki, qardaşıma böhtan atım. Qardaşım da, atam da yalan danışır".
Cinayət işinin materiallarına görə, doğulan qızın qan qrupunun yoxlanılması məqsədlilə məhkəmə tibbi-bioloji ekspertizası keçirilib. Ekspertizanın rəyinə görə, Səadətin dünyaya gətirdiyi qız uşağı qardaşı Talehdən olub, onun atalıq faktı təsdiq edilib. Məhkəmənin hökmü ilə Taleh Nemətov 8 il müddətinə azadlıqdan məhrum edilib.