Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Orxan Cəfərovun (1997-ci il təv.) CM-nin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürməyə cəhd) və 29,120.2.7-ci ( iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə məhkum olunmasına dair məhkəmə prosesi başlayıb.
Median.Az xəbər verir ki, ittiham aktına əsasən, ötən il sentyabrın 18-də Orxan Cəfərov qardaşı Vüsalın övladının məktəbə getməsi ilə bağlı keçirilən məclisdə iştirak edib. Spirtli içki qəbul edən Cəfərov evə qayıdarkən Müşviqabad qəsəbəsində, əvvəlcədən tanımadığı Rəvan İsgəndərov və Emil Əhmədovla rastlaşıb. Belə ki, səki ilə hərəkət edərkən onlar təsadüfən Orxanın çiyininə toxunublar. Buna görə aralarında mübahisə baş verib.
Cəfərov cibindən bıçaq çıxarıb İsgəndərova 2, Əhmədova isə 1 zərbə vurub, sonra hadisə yerindən qaçıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, onların həyatlarını həkimlər xilas ediblər. Cinayəti törədən şəxs Qaradağ RPİ-nin əməkdaşları tərəfindən tutulub və istintaqa təqdim edilib.
Məhkəmə prosesində O.Cəfərov ittiham üzrə özünü qismən təqsirli bilib və zərərçəkmişləri öldürmək istəmədiyini qeyd edib. Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsdən şikayət və tələbləri olmadığını, aralarında barışıq imzalandığını bildiriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının azaldılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı barədə məlumt veriləcək.