Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
O, E.İsmayılovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş Ə.Məmmədova prokurorun çıxışına münasibət bildirərək, təqsirləndiriləndirilən şəxsi bağışladığını deyib:
“Ondan şikayətim yoxdur. Əvvəl şikayət etdim, indi isə bağışlayıram. Məhkəmədən xahiş edirəm ki, ona yüngül cəza verilsin”.
Sonra E.İsmayılov məhkəmədən son söz üçün vaxt istəyib.
Buna görə proses sentyabrın 26-dək təxirə salınıb.
İttihama görə, Elvin İsmayılov tanışı olan Əfsanə Məmmədovanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib. O, Əfsanə ilə sosial şəbəkədə tanış olub və daha sonra onun qadınla isti münasibəti yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər.
Bir neçə aydan sonra Elvin İsmayılov Əfsanəni şantaj edərək, onu intim şəkillərini sosial şəbəkədə yayacağı, biabir edəcəyi ilə hədələyib.
Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Əfsanədən 10 min manat pul tələb edib. Daha sonra Əfsanə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib.//oxu.az