Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əhməd Quliyevin CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, Ə.Quliyev özünü iş adamı kimi göstərərək Sumqayıt şəhə sakini Məhburə Hüseynovanın etibarından sui-istifadə edib və bunun nəticəsində onun 303.000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Götürdüyü pulun əvəzində o, qadına kommersiya obyekti tikib, müvafiq sənədləri düzəldəcəyini söz verib.
Zərərçəkmişin şikayətindən sonra araşdırmaya başlayan polis Əhməd Quliyevi axtarışa verib. Saxlanılandan sonra istintaq dövründə o, polis nəzarətində qalıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qərara əsasən, o iclas zalında həbs edilib.