Sumqayıt şəhərində qətl törətməkdə təqsirli bilinən Qusar rayon sakini, 1960-cı il təvəllüdlü Səfalı Atluxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az “publika.az”a istinadən xəbər verir ki, Səfalı Atluxanov 26 may 2017-ci il tarixdə saat 11.46-da Sumqayıt şəhəri, Novxanı bağları 4, ev 734 ünvanda yerləşən Rövşən Quliyevə məxsus tikintisi tamamlanmamış bağ evində gözətçi işləyən və bir neçə gün əvvəl televizor quraşdırmaq üçün anten aldığı zaman tanışlıq münasibətləri yaranmış Mehman Abbasovun iş yerinə gəlib.
Səfalı Atluxanov Mehman Abbasovdan əvvəllər aldığı antenanın işləmədiyini bildirib, nasazlığın aradan qaldırılmasından ötrü həmin antenanın daha hündürə qaldırılmalı olduğunu və bunun üçün əlavə kabelə ehtiyac yaranmasını bildirib, qeyd edilən məqsədlə ondan kabel istəyib.
Mehman Abbasov kabeli verməkdən imtina edib. Sonra heç səbəb olmadan Səfalı Atluxanovun və valideynlərinin ünvanına nalayiq ifadələr işlədib.
Bundan əsəbiləşən Səfalı Atluxanov Mehmandan qisas almaq qərarına gəlib. O, həmin vaxt Mehmanla dayandıqları bağ evinin giriş qapısının qarşısında olan meydançada niyyətini həyata keçirmək qərarına gəlib.
Bu məqsədlə Səfalı Atluxanov Mehman Abbasovun başını qəsdən bir neçə dəfə divara vurub. Həmin zərbələrin təsirindən Mehman Abbasov vəfat edib.
“Masaj xidmətini davam etdirmişəm”
İstintaq orqanı tərəfindən Səfalı Atluxanovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Səfalı Atluxanov bildirib ki, 2017-ci ilin mayında masaj etdiyi pasiyentlərdən birinin vasitəsilə Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən bağ evində kirayədə yaşamağa başlayıb: “Həmin bağ evində yaşadığım müddət ərzində fərdi olaraq masaj xidmətini davam etdirmişəm”.
“Araq içməyəcəyi gün onu masaj etməyimi istədi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, yaşadığı bağ evindən təxminən 15-20 metr məsafədə yerləşən bağ evində gözətçi işləyən Mehman Abbasovla tanış olub: “Kirayədə yaşadığım evdəki televizorunun anteni olmadığı üçün Mehman Abbasovdan mənə anten tapmağını xahiş etmişəm. Çünki Mehman kirayədə yaşadığım evə əvvəllər televizor üçün kabel çəkib. Mehman da məlum olan hadisədən təxminən bir həftə əvvəl gözətçi işlədiyi bağ evindən mənə köhnə bir anten gətirdi. Mehman anten üçün məndən pul almadı, araq içməyəcəyi gün onu masaj etməyimi, kabel və ya başqa hər hansı materiala ehtiyacı olarsa ona müraciət etməyimi dedi”.
“Mənə qarşı nalayiq ifadələr işlətdi”
Səfalı Atluxanov qeyd edib ki, Mehman Abbasovun verdiyi anteni quraşdırdıqdan sonra televizor yenə göstərməyib: “Bu səbəbdən Mehmandan yeni kabellər götürmək istədim ki, həmin kabellər vasitəsilə anteni bir az hündürlüyə qaldırmaqla televizordakı görüntülər bərpa olunsun. Mayın 26-da Mehmanın işlədiyi bağ evinə getdim. Evin həyətinə daxil olduqda Mehmanın evin həyətinin sağ tərəfindən çıxdığını gördüm. Ondan kabelinin olub-olmadığını soruşdum. Mehman isə mənə qarşı nalayiq ifadələr işlətdi. Mehman Abbasova mənə qarşı söyüş söyməməyini dedim. Mehman həmin vaxtı bağ evinin giriş qapısının qarşısında olan meydançaya pilləkənlə qalxmışdı. Mehmandan bir daha kabel istədim. Ona mənə qarşı söyüş söyməsinin səbəbini soruşdum. Sonuncu mənə qarşı yenidən nalayiq ifadələr işlətdi”.
Səfalı Atluxanov bildirib ki, Mehmana özünü ələ almağını, hər hansı şəxsin indiyədək ona qarşı nalayiq ifadələr işlətmədiyini deyib: “Mehman isə mənim valideynlərimin ünvanına da nalayiq ifadələr işlətdi. Mehman məni və valideynlərimi nalayiq ifadələrlə təhqir etdiyinə görə bərk əsəbiləşdim. Bu zaman Mehmanın kürəyindən bərk itələdim. Mehmanı itələdikdə, baş nahiyəsi ilə giriş qapısının sağ tərəfində yerləşən divara vurulmuş ağlaya dəydi. Həmin vaxt Mehmanın başından qan gəldiyini və həmin qanın divara hopduğunu gördüm. Bunu görən kimi dərhal oradan getdim”.
“Siqaret, kontur alıb evə gəldim”
Təqsirləndirilən şəxs qeyd edib ki, Mehmanın işlədiyi bağ evinin həyətindən çıxdıqda həmin bağ evinin sol tərəfində yerləşən bağ evindəki videonəzarət qurğusu Mehmanın gözətçi işlədiyi bağ evinə doğru gedən yolu müşahidə etdiyi ona məlum olub: “Yola çıxıb qonşuluqda yerləşən bağ evində gözətçi işləyən Ağaş Əliyevin yaşadığı evə getdib onu çağırdım. Ağaş Əliyevə Mehman Abbasovun işlədiyi bağ evinin divarında qanın olduğunu, oraya gedib baxmağını dedim. Məqsədim Ağaşın həmin bağ evinə gedərək Mehmana kömək eləməsi olub. Sonra həmin bağ evindən çıxıb mağazaya getdim. Oradan siqaret və iki manat məbləğində kontur aldıqdan sonra yaşadığım evə gəldim”.
Səfalı Atluxanovun sözlərinə görə, evdə yeməyini yeyib, çarpayısında bir az uzandıqdan sonra mağazadan çörək almaq üçün çıxıb: “Evdən çıxanda Mehmanın işlədiyi bağ evinə doğru gedən yolun başlanğıcında sonuncunun oğlu Elmar Abbasovun daşın üstündə oturduğunu gördüm. Elmara yaxınlaşdım və sonuncudan atasının harada olduğunu soruşdum. Elmar da atasının işlədiyi bağ evində hərəkətsiz vəziyyətdə uzandığını dedi. Elmardan atasının ölüb-ölmədiyini soruşdum. Elmar da “bilmirəm, atamı səsləsəm də, səsimə cavab vermədi, təcili tibbi yardıma zəng vurmuşuq, bir müddət sonra gəlməlidir”, - kimi sözlər dedi. bir qədər aralıda Ağaş Əliyevin dayandığını gördüm. Onu yanımıza çağırdım. Ağaşa “sənə demişdim axı Mehmanın yanına get, bax gör nə olub, niyə getmədin”, - deyə bildirdim. Ağaş isə qorxduğundan getmədiyini bildirdi”.
“Telefonuna zəng çatmadı”
Səfalı Atluxanovun sözlərinə görə, sonra oradan evlərinə gedib: “Evdə olduğum zaman qonşum, yəni yaşadığım evlə üzbəüz yerləşən evdə yaşayan Gülümnaz gəldi. Gülümnaz həm də yaşadığım evin yiyəsidir. Gülümnaza həyətdə olan ağacları sulamaq və toyuqlara yem verməyi tapşırdım. Gülümnaz ağacları sulayarkən Mehmanın mobil telefon nömrəsini ondan istədim ki, ona zəng vurub, sağ olub-olmamasını bilim. Mehmanın telefonuna iki dəfə zəng vurdum, lakin mobil telefonuna zəng çatmadı. Bir müddət sonra isə yaşadığım bağ evinə polis əməkdaşı ilə Elmar gəldi. Polis əməkdaşı ilə Elmar gəldikdə Gülümnaz hələ də evin həyətində idi, ağacları sulayırdı. Polis əməkdaşı məni hadisə yerinə, yəni Mehmanın işlədiyi bağ evinə dəvət etdi. Hadisə yerinə gəldikdə giriş qapısının hər iki tərəfində yerləşən divarlarında, yerdə və qapının üzərində qan izlərinin olduğunu gördüm”.
“Mehmanın meyiti evin zirzəmisində aşkar olunub”
Səfalı Atluxanov qeyd edib ki, hüquq mühafizə orqanları əməkdaşları ondan Mehmanı həmin gün görüb-görmədiyini soruşub: “Həmin vaxtı qorxduğumdan Mehmanı həmin gün görmədiyimi bildirdim. Sonra isə polis əməkdaşlarına Mehmanın işlədiyi bağ evinə gəldikdə divarın və qapının üzərində qan olduğunu gördüm, oradan getdiyimi və qonşu Ağaşa baş vermiş hadisə barədə məlumat verdiyimi söylədim. Hüquq mühafizə orqanları əməkdaşlarının deməsinə görə mənə məlum oldu ki, Mehmanın meyiti evin zirzəmisində aşkarlanıb. Mehmanın meyitinin hansı şəraitdə evin zirzəmisinə düşdüyünü bilməmişəm. Mehmanı öldürmək, o cümlədən hər hansı ağır xəsarət yetirmək istəməmişəm. Sadəcə olaraq Mehman onu nalayiq ifadələrlə təhqir etdiyinə görə əsəbiləşərək onun kürəyindən itələmişəm. Bu zaman da Mehmanın başı ağlaya dəyib. Heç vaxt təsəvvür edə bilməzdim ki, onun Mehmanı itələməyim həmin nəticələrə səbəb olacaq. Mehmanın ölümü ehtiyatsızlığım nəticəsində baş verib”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfalı Altuxanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Səfalı Altuxanov apelyasiya şikayəti verib.
O, əməlinin Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə ona cəza təyin edilməsini istəyib.
Səfalı Altuxanovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Səfalı Altuxanovun şikayəti təmin olunmayıb.