Qəbələdə itkin düşmüş şəxslə bağlı aparılan araşdırmalar hadisənin qətl olduğunu üzə çıxarıb.
ARB Şəki xəbər verir ki, həyat yoldaşı və qardaşı birləşərək Qəbələ sakinini öldürüb, sonra itkin düşmüş kimi qələmə verməyə çalışıblar.
Ancaq hadisə tez bir zamanda gün üzünə çıxıb. Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub.
Ağaməmməd Rəfiyev – Mərhumun atası: “Mənə dedi ki, Dursun Mingəçevirə işləməyə gedib. Gedib Mingəçevirdə işləyənlərdən soruşdum, dedilər ki, yoxdu burada. Gəldim evə”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirib. Müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman qadın ərinin qardaşı Vüsal ilə birgə daşla baş nahiyəsinə vuraraq qətlə yetirib. Cəsədini isə həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə Dursun Rəfiyevin meyiti oradan çıxarılıb.
Əfruz Rəfiyeva- Mərhumun bibisi: “Bilirdik itib, amma həyətdə basdırıldığını bilmirdik. Polislər həyətdə uşağı axtarırdılar. 5 dəqiqə keçmədi ki, meyiti tapdılar”.
Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.