Bakıda mübahisə zəminində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən Həsənağa Əliyevə hökm oxunub.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tərəflər arasında mübahisənin isə avtomobillərinin üz-üzə gəlməsi və bir-birilərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilib.
Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.