Azərbaycan vergidən yayınmada təqsirləndirilərək 2015-ci ildə barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışda olan şəxsi Avstriyaya təhvil verib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs Türkiyə vətəndaşı, 1975-ci il təvəllüdlü Özbek Kudret Abdullatifdir. O, 2023-cü ilin dekabr ayında Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Şəxsin verilməsinə dair Avstriya Respublikasının Federal Ədliyyə Nazirliyinin vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Avstriyanın səlahiyyətli orqanlarına təhvil verilib", - deyə məlumatda qeyd edilib.