Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Yardımlada törədilən qətllə bağlı məlumat yayıb.
Fevralın 27-də saat 14 radələrində Yardımlı rayonunun Eçara kəndi ərazisində Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçiriblər.
İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində Nurəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən yaxın qohumları olan Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildirib. Yaranmış mübahisə nəticəsində Kənan odlu silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.
Hadisə yerindən bir ədəd, Nurəddin Kərimova məxsus fermadan isə iki ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nurəddin Kərimov saxlanılıb, cinayəti törətməkdə şübhəli bilinən oğlu Kənanın isə tutularaq istintaqa təhvil verilməsi, habelə faktın tam və hərtərəfli araşdırılması məqsədilə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilən Ş. Kərimov kriminal aləmdə “Baron Şəmi” ləqəbi ilə tanınan narkobarondur.