Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyan barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət olunub.
APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində vəsatətə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılıb.
Təqdimatda Arkadi Qukasyanın irihəcmli cinayət işi üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi əsas gətirilərək barəsində seçilmiş qətimkan tədbirinin daha bir neçə ay uzadılması istənilib.
Məhkəmə vəsatət və təqdimatı təmin edib. Qərara əsasən, A.Qukasyan barəsində həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.
Bundan başqa, Bakıda həbsdə olan daha bir separatçının həbs müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda separatçıların “rəhbərləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.