Ötən gün Bakının Nizami rayonunda qəribə şəraitdə baş verən hücum nəticəsində iki nəfər ağır bədən xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a rayon Polis Şöbəsindən məlumat daxil olub.
Dekabrın 25-i saat 15:15 radələrində Qara Qarayev prospekti 81 nömrəli evin qarşısında Naxçıvan Muxtar Respublikasının 35 yaşlı sakini Məmmədov Elşən Yaqub oğlu sinə nahiyəsindən bıçaqlanıb.
Onu “Xəzər” klinikasına yerləşdiriblər.
Üç saat sonra eyni yerdə Hacıqabul rayon sakini 26 yaşlı Mailov Sirac Əlizadə oğlu qarın nahiyəsindən iki dəfə bıçaqla vurulub. Bundan əlavə, cinayətkar S.Mailovun başına bir neçə dəfə bıçaqla vurub. Zərərçəkən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı heç kim saxlanılmayıb, cinayəti törədənin kimliyi aşkar edilməyib. 24-cü Polis Bölməsinin əməkdaşları hazırda hadisəni araşdırır. Maraqlıdır ki, zərərçəkənlər onlara hücum edən şəxsləri tanımadıqlarını deyiblər.
Hadisənin üç saat fərqi ilə eyni ərazidə baş verməsinə baxmayaraq, yaralılar bir-birini tanımadıqlarını bildiriblər. Ancaq təhqiqatçılar hələlik onların dediklərinə inanmırlar.
Qeyd edək ki, E.Məmmədov yaxınlıqda yerləşən bazarda geyim alveri ilə məşğul olur, S.Mailov isə hadisə baş verdiyi gün bazara özünə papaq almağa gəldiyini deyib.