Səhiyyə Nazirliyi Balakəndə baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
Nazirlikdən oxu.az-a verilən məlumata görə, rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına biri azyaşlı olmaqla, beş nəfər müraciət edib.
Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir.
Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. Bir yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib.
Xatırladaq ki, dünən Balakən rayonun Yeni Şərif kəndində silahlı insident olub. Kənd sakini 53 yaşlı Məhəmməd Bağmanov ailə münaqişəsi nəticəsində oğlu, 32 yaşlı Əhməd Bağmanovu güllələyib. Tüfəngdən açılan atəş nəticəsində ətrafa yayılan qırmalar biri azyaşlı olmaqla daha 3 nəfəri yaralayıb.