Ağdam rayonunda güllələnmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Aşağı Yüzbaşılı kəndində 1988-ci il təvəllüdlü Məmmədov Orxan Bəhlul oğlu güllələnib.
Məlum olub ki, O. Məmmədov ölən atasına borclu olan Yüzbaşılı kənd sakini Cəbrayıl İsmayılovdan pulu ödəməsini istəyib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə C. İsmayılov odlu silahdan atəş açaraq, O. Məmmədovu yaralayıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlər onun həyatını xilas etməyə çalışır.
Yaxınlarının verdiyi məlumata görə, C. İsmayılovun O.Məmmədovun atası Bəhlul Məmmədova 60000 manat borcu olub.
Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb.
Ağdam Rayon Prokurorlıuğundan sözügedən sayta verilən məlumata görə, rayon ərazisində Orxan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı dərhal hadisə yerinə polis və prokurlrluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaqla 1956-cı il təvəllüdlü Cəbrayıl İsmayılovun 1988-ci il təvəllüdlü Orxan Məmmədova lüləsi kəsilmiş ov tüfəngindən iki dəfə atəş açmaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. C.İsmayılov şübhəli şəxs qismində tulularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.