Bakı Apellyasiya Məhkəməsində Şirvan şəhər sakinləri Vəli Əliyev (1994-cü il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə), Füzuli Nəcəfovun (1990-cı il təv.) CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə apellyasiya məhkəməsi başa çatıb.
Median.Az xəbər verir ki, 2019-cu il yanvarın 11-i saat 16 radələrində Bakı şəhəri, S.Əsgərova küçəsi, 64 ünvanında qətl baş verməsi barədə Yasamal RPİ 27-ci polis bölməsinə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan polis və prokurorluq əməkdaşlarına məlum olub ki, küçədə öldürülən şəxs - Saatlı rayon sakini Emin Şəmiyevdir (1996-cı il təv.).
Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə, Emin Şəmiyevin ölümünə - ürəyin zədələnməsinə ilə əlaqədar baş vermiş kəskin qan itirmə səbəb olub.
Ayın 13-də polis əməkdaşları tərəfindən keçirlimiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxslər Şirvan şəhəri, Əli Bayramov küçəsindəki 21№i evdə saxlanılıblar və Bakıya gətiriliblər. Vəli Əliyev Emin Şəmiyevi bıçaqla vurduğunu etiraf edib və istifadə etdiyi bıçağı polislərə təqdim edib.
Polis bölməsində Füzuli Nəcəfovun üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynindəki şalvarın arxa sol cibindən, kustar üsulla hazırlanmış, təmiz halda çəkisi 0,190 qram olan heroin götürülüb.
İstintaqla müəyyən edilib ki, yanvarın 11-i saat 15 radələrində Vəli Əliyev tanışı Füzuli Nəcəfovla metronun "Elmlər Akademiyası" stansiyasında qatara mindikdən sonra müəyyən hərəkətləri ilə bağlı yaşlı kişiyə rişxənd edib, gülməsinə, yəni ümumi əxlaq normalarına zidd davranışına görə ona irad tutan, əvvəllər tanımadığı Emin Şəmiyev və Rəşid Abbaszadə ilə aralarında mübahisə yaranıb. Onlardan "Nizami" stansiyasında vaqondan düşməsini tələb edərək, birlikdə metrodan çıxıblar. S.Əsgərova küçəsi, 64 ünvanda yerləşən ümuni həyətdə qrup halında mübahisəni davam etdiriblər. Vəli Əliyev qərəzli xuliqanlıq hərəkətləri edərək Emin Şəmiyevin sifətinə yumruq zərbələri vurub, sonra üzərindəki məişət təyinatlı bıçaqla, zərərçəkmişin döş qəfəsinə zərbə endirib. Bununla da, sonuncunu qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş əvvəllər məhkum olunmuş Vəli Əliyev bildirib ki, yanvarın 11-də dostu Füzuli Nəcəfovla iş elanları ilə bağlı "İnşaatçılar" metrostansiyasına gediblər, lakin orda heç nə tapa bilmədiklərinə piyada hərəkət edərək "Elmlər Akademiyası" stansiyasına daxil olublar. Qatara minərkən ordan çıxan sərnişinin şərfi vaqonda qaldığından, içəridə dayanan yaşlı kişi həmin şərfi götürüb, çölə tullayıb. Qapının qarşısında dayana Vəli özünü saxlaya bilməyib və gülümsəyib. Onun üzbəüz dayanan Emin Şəmiyev "nahaq güldüyünü" dedikdə, Vəli "yalnız yaranan ani hadisəyə güldüyünü, ondan başqa da sərnişinlərin gülümsədiyini" söyləyib. Aralarındakı söz mübahisəsini tam ayıdnlaşdırmaq üçün "Nizami" stansiyasında qatardan düşüblər. Hələ eskalatorda olarkən Eminin yanında olan Rəşid adlı oğlan yaxınlaşıb, "münaqişəyə nə ehtiyac olduğunu" bildirəndə, Vəli onları tanımadığını və aralarında qəsdi-qərəzlik olmasığını söyləyib, sadəcə insanların arasında Eminin onu pərt etməsi düzgün olmayıb. Metrodan çıxıb sağa, sonra yuxarı tərəf qalxıblar. Həmin ərazidə əvvəllər olmayıb, 20-30 metrdən sonra göy rəngli darvazanın qarşısına çatıblar. Füzuli Emini, Rəşid isə onu sakitləşdirib. Darvazadan, həyətə daxil olublar. Vəli hansı rayondan olduğunu soruşduqda Emin Saatlıdan gəldiyini deyib, sonra aqressiv halda ona yumruq atıb. O, arxaya gedib divara söykənib, belində, şalvarına keçirilmiş bıçağı çıxardıb, 2-3 dəfə Eminə tərəf zərbə atıb. Arxaya çəkildiyini görüb, əlində bıçaqla həyətdən çıxıb. Füzuli ilə Rəşid həmin vaxt çöldə olublar. Dostu "nəyə görə bıçaq çıxardığını?" soruşduqda, Vəli bunu qorxutmaq məqsədi ilə nümayiş elədiyini deyib. Kəsici alətin üzərindəki qanın, davada sağ əlinin kəsilməsi nəticəsində yarandığını düşünüb. Ərazidən Füzuli ilə uzaqlaşıb, bir qədər aralıda "VAZ-2104" markalı taksi avtomobilinə yaxınşıb və onları "20 yanvar" metrosunun yanına aparmasını xahiş edib. Avtomobildə olarkən dostuna hadisə yerində qol saatını düşürdüyün söyləyib. Həmin gün Şirvan şəhərinə qayıdıblar. Televizora baxarkən "Nizami" metrosunun arxa tərəfində Emin Şəmiyevin hadisə yerində öldüyünü öyrənib, lakin bu barədə Füzuliyə məlumat verməyib. Yanvarın 13-ü saat 23 radələrində dostunun evində olarkən tutulublar. Müqavimət göstərmədən əməkdaşlarla birgə Bakıya, polis bölməsinə gəliblər.
Məhkəmə prosesində Vəli Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib, Füzuli Nəcəfov isə özünü təqsirli hesab etməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Əliyev 17 il, Füzuli Nəcəfov 3 il müddətlərinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Hökmdən məhkumlar apellyasiya şikayətləri veriblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayətləri təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.