Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Ağamalı Kərimovun CM-nin 120..2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il oktyabrın 5-də Suraxanı RPİ 30-cu polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları Hövsan qəsəbəsi, Zeytun sovxozu massivində yaşadığı fərdi evdə 20 yaşlı Əbil Kərimovun meyitini aşkar ediblər. Məlum olub ki, gənc oğlan kürəyindən aldığı bıçaq zərbəsi nəticəsində vəfat edib.
Cinayəti törədən mərhumun kiçik qardaşı Ağamalı Kərimov saxlanılıb və istintaqa təhvil verilib. Dindirilmə zamanı o, qardaşı ilə toyuq üstündə mübahisə etdiyini və hadisənin də bu zəmində törətdiyini etiraf edib.
Prosesdə çıxış edən dövlət ittihamçısı A.Kərimova 17 il azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edib.
Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli CM-nin 120.2.4-cü maddəsi 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidir və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır.
Məhkəmənin hökmü ilə A.Kərimov 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.