Samux rayonunun Qarayeri qəsəbəsində mağazadan oğurluq edən Gəncə şəhər sakinləri saxlanılıb.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakinləri - əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Ayxan Hüseynov və onun həmyaşıdı Rəşad Məmmədov tutulublar.
İlkin istintaq tədbirləri zamanı hər iki şəxsin müxtəlif vaxtlarda Samux rayonunun Alabaşlı kəndində, daha sonra isə Qarayeri qəsəbəsində mağazalardan pul və spirtli içkilər oğurladıqları təsdiqini tapıb. Dindirilmə zamanı hər iki şəxs əməllərini etiraf ediblər.
Saxlanılan şəxslərdən biri deyib: “Qarayeridəki oğurluqdan öncə özümüz üçün gəzirdik. Birdən Ayxan mağazanın kənarında maşını saxladı. Getdi, bir müddətdən sonra gələndə əlində kiçik paket və araq vardı”.
Hər iki şəxs barəsində cinayət işi açılıb. Samux polisi bu şəxslərin digər cinayət əməllərində də iştirakını istisna etmir.