Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Tahir Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Median.Az xəbər verir ki, cinayət işininmaterialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabr ayının 17-nə təyin olunub.
Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Rayonun Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb.
Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.//ölkə.az