Astara-Rəşt dəmir yolunun tikintisi, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması nəticəsində minlərlə, bəlkə də, on minlərlə yeni iş yeri açılmalıdır və bu iş yerlərini sahibkarlar açmalıdırlar.
Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumunda bildirib.
O qeyd edib ki, ticarət dövriyyəsi həm ikitərəfli, həm çoxtərəfli formatda kəskin artacaq:
“Energetika sahəsində biznes imkanları genişlənir. Dünən cənab prezidentlə biz bunu geniş müzakirə etdik və nazirlərə də müvafiq göstərişlər verildi ki, tezliklə elektroenergetika sahəsində bizim planlarımız reallaşsın. Bu, tam realdır və əminəm ki, biz buna nail olacağıq.
Biz dünən, eyni zamanda, Xəzər dənizindəki blokların işlənməsi haqqında anlaşma memorandumu imzaladıq. Bu da tarixi əhəmiyyətli qərardır. Ümumiyyətlə, cənab Prezident Ruhaninin Azərbaycana hər bir səfəri böyük əhəmiyyət daşıyır və mənim İrana səfərlərim də həmçinin.
Bu səfərlər çərçivəsində bir çox sənədlər imzalanmışdır və onların hamısı reallaşır. Deyə bilərəm ki, elə bir məsələ yoxdur ki, biz qərara gələk və onun nəticəsini görməyək. Bu səfər də tarixi səfərdir. Çünki bu səfər zamanı iki tarixi sənəd imzalandı - Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi.
Eyni zamanda, biz dünən cənab prezidentlə bu günə qədər həll olunmayan məsələlər ətrafında da fikir mübadiləsi apardıq. Bizim bütün görüşlərimiz çox səmərəli və məhsuldardır. Hansı məsələlər hələ ki, həll olunmayıb o məsələləri biz daim diqqətdə saxlayırıq. Həll olunmayan məsələlərin siyahısına baxdıqda indi bir çox məsələlər o siyahıdan çıxarılıb. Çünki onlar öz həllini tapıb.
Həllini gözləyən məsələlərdən biri də bank və maliyyə sektorlarındakı əməkdaşlıqdır. Dünən müvafiq göstərişlər verilmişdir. Əminəm ki, növbəti görüşə qədər bu məsələ də öz həllini tapacaq. Ticarət dövriyyəsinin artırılması, energetika sahəsində birgə fəaliyyətimiz – bu, indi növbəti dövrdə gündəlikdə duran əsas məsələlərdir”.