Gəlin, münasibətlərimizə yeni səhifədən başlayaq. Vergiləri ödəmək hər birinizin borcudur. Ödənilən hər manat səhiyyəmizin, təhsilimizin güclənməsinə xidmət edir.
Bunu vergilər naziri Mikayıl Cabbarov sahibkarlara müraciətində deyib.
O bildirib ki, vergidən yayınan sahibkarın dükanında qiymətlər digər dükanlara nisbətən aşağı olur. Bu isə qeyri-sağlam rəqabətə şərait yaradır:
“Dükandan kassa çeki tələb etmək ayıb sayılmamalıdır. Binanızın altında yerləşən qonşunun dükanından çek tələb olunması qonşuluq münasibətlərinizə xələl gətirə bilər, amma nəzərə alsanız ki, həmin vergilər hara xərclənir, o zaman bu addımı da atarsınız”.
Nazir bildirib ki, əsaslandırılmamış sanksiyaları yol verməmək üçün yoxlamalar vergi ödəyicisinin iştirakı ilə aparılacaq:
“Hamı səhv edə bilər. Amma bilərəkdən hansısa məlumatların saxtalaşdırılması cinayətdir”.
M.Cabbarov Vergi Məcəlləsinə dəyişikliklərə münasibət bildirib. O deyib ki, məcəlləyə tez-tez dəyişiklik edilməsini məqsədəuyğun hesab etmir:
“Vergi qanunvericiliyində tez-tez dəyişikliklər vergi riskləri yaradır. Mövcud Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər hazırlamışıq. Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təklifləri nəzərdən keçiririk. Martın 31-nə qədər təkliflərinizi bizə göndərin”.