Azərbaycanda mal və qoyun ətində ucuzlaşma olacağı gözlənilir.
Trend ət bazarında fəaliyyət göstərən sahibkarlar arasında yeni il öncəsi ətin qiymətində dəyişiklik olub-olmaması barəsində sorğu aparıb.
Sorğu nəticəsində məlum olub ki, hazırda ətin qiymətində hər hansı bir dəyişiklik yoxdur və bahalaşmanın da olacağı gözlənilmir. Sorğu zamanı, həmçinin, bazarda dolaşan maraqlı məlumat əldə edilib.
Belə ki, sahibkarlar arasında dolaşan məlumatlara əsasən, yaxın zamanlarda Azərbaycana kütləvi şəkildə iri və xırda buynuzlu mal-qaranın gətirilməsi nəzərdə tutulur.
Mal-qaranın, əsasən Rusiyadan gətirilməsi nəzərdə tutulur. Sahibkarlar bildirirlər ki, əgər deyilənlər doğru olarsa, istər mal, istərsə də qoyun ətinin qiymətində ucuzlaşma olacağı qaçılmazdır. Çünki kütləvi mal-qaranın gətirilməsi bazarda bolluq yaradacaq ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb olacaq.