Bir neçə gün əvvəl Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta göndərilib. Adətən, ixrac olunan məhsulların yerli bazarda qiymətinin qalxması meyilləri bu dəfə də oxşar sual yaradıb: Azərbaycanın daxili bazarında yumurta bahalaşacaqmı?
Bizim.media-nın mövzu ilə bağlı suallarını cavablandıran Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli ölkədə gündəlik yumurta istehsalının 4 900 000 - 5 000 000 ədəd arasında dəyişdiyini diqqətə çatdırıb:
“Daxili tələbat isə 3 400 000 - 3 600 000 ədəd arasındadır. Biz gündəlik 1 300 000 ədəd yumurta ixrac edə bilirik. Bu günə qədər 10-a yaxın xarici ölkəyə bu məhsuldan ixrac etmişik və bu sahədə heç bir problemimiz yoxdur. Onların da əksəriyyəti Yaxın Şərq və Körfəz ölkələri, yəni Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qətər, Əfqanıstan, Səudiyyə Ərəbistanı və digərləridir”.
Onun sözlərinə görə, bu günə qədər Rusiyaya 1 500 000 ədədə yaxın yumurta ixrac olunub:
“Əgər artıq məhsulumuz qalarsa, bu prosesi davam etdirmək fikrindəyik. Bu baxımdan da daxili bazarda qiymət artımı olmayacaq. Ona görə ki, ölkədə rəqabətqabiliyyətli müəssisələrin sayı kifayət qədərdir. Onlar öz istehsallarını hər gün daha da artırırlar”.