Bakı Limanının Baş direktoru Taleh Ziyadov ABŞ-da keçirilən 5-ci İllik Transxəzər Forumunda iştirak edib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) tərəfindən təşkil edilən V Transxəzər Forumunun “Transxəzər Bağlantı və İnfrastruktur İnkişaf” adlı panel müzakirəsində çıxış edib. Çıxışçılar sırasında Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişafı nazirinin müavini Berik Kamaliyev, Özbəkistan Repsublikasının Maliyyə nazirinin müavini Odilbek İsakov və digərlərinin olduğu paneldə, Baş direktor Taleh Ziyadov qeyd edib ki, Bakı Limanı ərazisində gübrə terminalının tikintisinə başlanılacaqdır.
2022-ci ilin sonunadək istismara verilməsi nəzərdə tutulan bu strateji terminal, Azərbaycan hökuməti və Bakı Limanı tərəfindən birgə maliyyələşdirilir.
Bu investisya qərarının verilməsinə səbəb, Orta Asiya ölkələrində mövcud olan böyük həcmdə gübrə potensialının mütəmadi olaraq məhz Azərbaycan üzərindən qərb ölkələrinə daşınması təmin etməkdən ibarətdir. Beləki, Orta Asiyada - Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi təbii ehtiyyatlarla zəngin ölkələrdə karbamid, kükürd və s gübrələrin illik istehsal gücü 6,6 milyon tondan çoxdur.
2018-2020-ci illər aralığında Orta Asiyadan, xüsusilə də Türkmənistandan Bakı Limanı vasitəsiylə daşınan gübrə məhsulunun həcmi 48 339 tondan, 630 000 tona qədər artıb ki, bu da 13 dəfədən çox artım deməkdir. Bakı Limanın yeni gübrə terminalı ildə 2.5 milyon ton məhsulu aşırmaq gücünə sahib olacaq.