Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada yeni ölümcül virusun ortaya çıxacağı barədə proqnoz verib.
TASS-ın məlumatına görə, ÜST rəhbəri bu barədə Cenevrədə 74-cü Dünya Səhiyyə Assambleyasında çıxışında bildirib.
“Bu, dünyanın pandemiya təhlükəsi ilə qarşılaşdığı son hadisə deyil. Təkamül hesablamalarına görə, mövcud virusdan daha çox yoluxucu və daha ölümcül ola biləcək yeni bir virus ortaya çıxacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, son məlumatlara görə, dünyada 167,5 milyon nəfərdə koronavirus aşkarlanıb. İndiyə kimi virusdan 3,4 milyon xəstə ölüb, 148,5 milyon nəfər sağalıb.