"Formula 1" həvəskarları həftəsonu yeni mövsümün startını səbirsizliklə gözləyir.
Median.Az "Unikal.org"a istinadən xəbər verir ki, Bəhreyn Qran-Prisi komandaların mövsümə necə hazırlaşdıqlarının müəyyən mənada göstəricisi olacaq. Sahir trasındakı yarış əlamətdar hadisə ilə yadda qalacaq.
30 ildən sonra "Formula 1"də daha bir Şumaxer debüt edəcək.
1991-ci ildə Belçikanın Spa trasında Mixael böyük yolun başlanğıcında ilk addımını atmışdısa, bu dəfə estafeti onun oğlu Mik Şumaxer davam etdirəcək.
"Formula 1"də “Haas” komandası ilə debüt edəcək 22 yaşlı pilot deyib: “Formula 1-də debüt edəcəyimi dərk edirəmmi? Əlbəttə! Buna görə çox sevinirəm və Bəhreyn Qran-Prisinin startını səbirsizliklə gözləyirəm. Bu haqda fikirləşdikcə, atamı yada salıram. 30 il əvvəl o, Formula 1-də debüt etmişdi, bu dəfə estafeti mən qəbul edirəm. Formula 1 ailəsinin bir üzvünə çevrildiyimə görə çox şadam. Əla bir komandanın heyətində öz potensialımı nümayiş etdirmək istəyirəm. Burada mən çox şey öyrənəcəyəm. Formula 1 sayəsində təkcə yaxşı bir pilot yox, həm də gözəl bir insan olmaq istəyirəm”.
Xatırladaq ki, Mik Şumaxerlə yanaşı, “Haas” komandasında rusiyalı Nikita Mazepin də Formula 1-də debüt mövsümünü keçirəcək.