Avropa Liqasının pley-off mərhələsinin sabah keçiriləcək "Linfild”lə cavab oyunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq.
Median.Az "apa"ya istinadən xəbər verir ki, Azərbaycan çempionunun çalışdırıcısı baş məşqçi kimi avrokuboklarda 100-cü oyununu keçirəcək.
47 yaşlı mütəxəssis indiyədək 99 avrokubok matçında iş başında olub. Onun yetirmələri bu matçlarda 39 qələbə qazanıblar. 40-cı – yubiley qələbəsinin astanasında olan Q.Qurbanov 27 heç-heçə və 33 məğlubiyyətə də şahidlik edib. Onun rəhbərlik etdiyi komandalar 106 qol vurub, 104-nü buraxıb.
Mütəxəssis avrokuboklara iki komandanın çalışdırıcısı kimi çıxıb. O, "Neftçi”yə 2, "Qarabağ”a 97 matçda rəhbərlik edib. Q.Qurbanovun debütü də paytaxt təmsilçisinin "sükanı arxası”nda olub. 2007-ci ildə UEFA kubokunun Avstriya "Rid”i ilə səfər matçında onun komandası 1:3 hesabı ilə uduzub.
Q.Qurbanovun avrokubok qarşılaşmalarından 36-sı Çempionlar Liqası, 63-ü Avropa Liqasına təsadüf edib. Bu 63 matçdan ikisi turnir UEFA kuboku adlandığı vaxta, digərləri yeni format və yeni ada təsadüf edib.
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ” – "Linfild” oyunu saat 20:00-da başlayacaq. Şimali İrlandiyada 2:3 hesabı ilə uduzan Azərbaycan çempionu ardıcıl 6-cı dəfə avrokubokların qrupuna düşmək üçün məğlubiyyətin əvəzini çıxmalıdır.