İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) növbəti oyununu keçirib.
İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 6:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Millimizin qollarını Musa Qurbanlı (4), İdris İnqilablı və Kamran Quliyev vurub.
Oyundan sonra dörd qola imza atmış Qurban Qurbanovun oğlu olan Musa Qurbanlı AFFA-nın saytına fikirlərini bildirib:
“Komandada yaxşı ab-hava var. İlk oyunda İspaniya yığması kimi güclü komandaya qarşı oynadıq. Uduzsaq da, layiqli mübarizə apardıq. “Ranero” ilə oyuna gəlincə, qələbə qazanmaq həmişə xoşdur. Qarşıda bizi Şotlandiya yığması ilə çətin oyun gözləyir. Həmin oyunda da maksimum nəticə qazanmaq istəyirik.
Avropa çempionatının elit-raund mərhələsində İrlandiya, Rusiya, Rumıniya kimi güclü komandalarla qarşılaşacağıq. Onlara qarşı var gücümüzlə mübarizə aparacağıq. Təbii ki, əsas məqsədimiz qrupdan çıxmaqdır. İnanıram ki, bu təlim-məşq toplanışında əldə etdiyimiz təcrübə elit-raundda bizə faydalı olacaq”.
Qeyd edək ki, Avropa çempionatının elit-raunduna hazırlaşan U-19 millimiz hazırlıq çərçivəsində əvvəl İspaniya U-19-na 0:2 hesabı ilə uduzmuşdu. Komandamız sonuncu oyununu fevralın 17-də şotlandiyalı həmyaşıdlarına qarşı keçirəcək.