Güləş üzrə Azərbaycanın üçqat Olimpiya mükafatçısı, dünya və səkkizqat Avropa çempionumuz, IV İslam Həmrəylik Oyunlarının qalibi Mariya Stadnik əməliyyat olunub.
Median.Az-ın verdiyi xəbərə görə, onu boynundan əməliyyat ediblər.
30 yaşlı ukraynalı legionerimiz saytımıza açıqlamasında bu səbəbdən apreldə Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcəyini bildirib. Stadnik yalnız sentyabrda Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatında iştirak edəcək. Bu yarış Olimpiadaya yer verən yeganə yarış olduğundan həmin DÇ-nin əhəmiyyəti böyükdür.
İyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında isə Stadnikin çıxışı sual altındadır. Bu, Stadnikin bərpaolunma prosesinin necə gedəcəyindən asılı olacaq.
Qeyd edək ki, Mariya Stadnik 2007-ci ildən bəri idman vətəndaşlığını dəyişərək Azərbaycan millisi adından çıxış etməyə başlayıb.//oxu.az