Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin məlumatına görə, bu barədə yanvarın 30-da ASAN Radio, Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında razılıq əldə olunub. Bununla bağlı üçtərəfli Memorandum imzalanıb.
Median.az xəbər verir ki, memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi" MMC-nin "ASAN Radio" departamenti müdiri Emin Musavi, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı imzalayıblar.
Anlaşma Memorandumu tərəflər arasında informasiya dəstəyi və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir.
Qeyd edək ki, "ASAN Radio" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio - "ASAN Radio" daim sosial layihələrə, əlillərə xüsusi diqqətlə yanaşıb. Efir siyasətində həssas təbəqəyə mütəmadi yer ayırıb. Sosial çarxlar (video-audio) hazırlayıb, filmlər çəkib. Bu layihələr beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilib. "ASAN Radio" yerli və beynəlxalq əhəmiyyətli idman yarışlarının media dəstəkçisidir.