Bu gün Azərbaycan Basketbol Federasiyasında (ABF) qurumun prezidenti Nadir Nəsibovun iştirakı ilə iclas keçirilib.
İclasda əsas məsələ ölkə çempionatının ikinci dövrəsinin iştirakçı beş klubu tərəfindən boykot edilməsi ilə bağlı olub.
İclasa klub nümayəndələri dəvət edilsə də, heç bir komanda üzvü iclasa qatılmayıb. Nəticədə ABF bəyanat yayıb:
“ABF kişilər arasında XXVI ölkə çempionatında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirir. ABF hesab edir ki, ölkə çempionatını boykot edərək üsyan qaldırmaq idman hərəkatına zidd və qanunsuzdur.
Hal-hazırda federasiya gənclərdən ibarət yığma komandanın Bakıda keçiriləcək Avropa Olimpiya Yeniyetmə Festivalının hazırlığına başlıca önəm verir. Basketbol Federasiyasına qarşı atılan təxribat xarakterli hərəkətlər bu dövlət səviyyəli idman tədbirinin hazırlıq prosesinə zərbə vurmaqdadır. Bununla əlaqədar, bütün məsuliyyət basketbol ictimaiyyəti adından danışmaq səlahiyyətini mənimsəyən bəzi basketbol “xadimlərinin” üzərinə düşür.
Bütün sivil dünyada qəbul edilmiş qaydalara əsasən, istənilən idman təşkilatı onun təsdiq edilmiş nizamnaməsinə əsasən fəaliyyət göstərir. Federasiya rəhbərliyinin dəyişdirilməsi növbəti hesabat-seçki konfransında bu qurum üzvlərinin səsverməsi yolu ilə həyata keçirilir.
Azərbaycan Basketbol Federasiyası basketbol ictimaiyətimizə müraciət edərək, ayrı-ayrı şəxslər tərəfindən çempionatın boykotuna sövq edən addımları qətiyyətlə pisləyir.
ABF bütün Azərbaycan basketbolsevərlərini basketbola hörmətlə yanaşaraq, dövlətimiz tərəfindən uğurla həyata keçirilən idman siyasətinə dəstək verməyə çağırır”.
Qeyd edək ki, ölkə çempionatının reqlamentinə əsasən, boykot edən komandaları texniki məğlubiyyət və cərimə gözləyir.