"Çempionata hazır olmaq baxımından bizim üçün çox vacib oyun oldu. Bu gün qarşımızda yaxşı müdafiə olunan, vuruşan kollektiv var idi".
İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Azərbaycan Premyer Liqasının IV turunda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlubiyyəti şərh edib: "Kurban Berdıyev müdafiəni qurmaqda çox tanınmış mütəxəssislərdən biridir. Həmçinin əks-hücumları yaxşı qurur. Bunu bilirdik. Amma nə qədər də olsa, "Turan Tovuz"u yaxından tanımırdıq. İstər-istəməz bizim fikrimiz daha çox Çempionlar Liqasında idi. Buna baxmayaraq, rəqib qalib gəlibsə, təbrik etməyə borcluyuq. İstəkləri ilə, oyun nizam-intizamı ilə qalibiyyətə layiq idilər. Tovuzda həmişə futbola maraq olub. Bu gün də gördük ki, tribunada Tovuzdan gəlmiş nə qədər azarkeş var idi. Mövsümboyu qarşımızda yaxşı rəqib olacaq. Öz azarkeşlərimizə təşəkkür edirəm, sona qədər bizimlə oldular.
Qurban Qurbanov Avropa kuboklarında çıxışın komandanın oyununa təsir etdiyini bildirib: "Ümumiyyətlə Avropada oynadığımız bütün matçların təsiri var. Fərqli heyət oynayır, bəzi rotasiyalar edirik. Mən bu müddətdə həmişə məşqlərdən gileylənmişəm. 3-4 gündən bir iki heyət oynayanda futbolçuların hamısı bir yerdə məşq edə bilmir. Məşqin dinamikası, keyfiyyəti pozulur. Amma neçə illərdir biz belə davam edirik.
Əvvəlki iki oyunda hiss olunmadısa, bu gün hiss olundu. Belə sıx qrafikdə futbolçuların hamısının sağlam olması vacibdir. Bizə qarşı çox ciddi hazırlaşan rəqiblər olur. Bu da normaldır. Mövsümün əvvəlidir. Belə məğlubiyyətlərin mənə, komandaya faydası çox olur".
Qeyd edək ki, "Qarabağ" mövsümdə ilk dəfə uduzub.