Beynəlxalq Cüdo Federasiyası (İJF) Akademiyasının Azərbaycanda Regional Mərkəzinin açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbir Azərbaycan Cüdo Federasiyasının inzibati binasında təşkil olunub.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu, Beynəlxalq Cüdo Federasiyası Akademiyasının direktoru Envik Qalea, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, ACF-nin hakimlər heyəti, Olimpiya çempionları Hidayət Heydərovla Zelim Kotsoyev, Türkiyənin cüdo üzrə məşqçiləri, hakimləri və Olimpiya çempionları iştirak ediblər.
Rəsullu bildirib ki, IJF tərəfindən Akademiyaya Regional Mərkəz statusu verilib: “Artıq 130 nəfər məşqçimiz akademiyanı bitirərək, sertifikat alıb. Digər məşqçilərimiz də sabah imtahan verərək kursu bitirəcəklər. Federasiyanın 2024-2028-ci illər üçün qəbul olunan strategiyamızda təhsil fəaliyyəti əsas məsələdir. Federasiya olaraq Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan İdman Akademiyası ilə birgə fəaliyyət göstərərək bu istiqamətdə əməkaşdalığımızı genişləndirəcəyik”.
IJF-nin Akademiyasının direktoru Regional Mərkəzin açılışını xüsusi hadisə hesab edib: “İki il bundan öncə Akademiyanın fəaliyyətinə başladıq. Bunun nəticəsində iki Olimpiya çempionu oldu. Birgə əməkdaşlığımız olduqca sevindiricidir. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ACF-ə Regional Mərkəz statusu verməkdən Məmnunluq duyur. Bu fəaliyyəti biz Türkiyə və Gürcüstan Federasiyaları ilə də edirik. Fəaliyyətimizə ilkin olaraq Gürcüstanla başladıq. Azərbaycan Cüdo Federasiyasının da Akademiyası olduqca yaxşıdır. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının göstəricisidir. Burda olduğumuz üçün fəxr hissi keçiririk. Beynəlxalq Cüdo Federasiyası tərəfindən Azərbaycan millisinin sabiq cüdoçusu Rüstəm Orucova isə ekspert statusu verilib”.
Rəsmi çıxışlardan sonra Azərbaycanın Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyevin iştirakı ilə qurumun adını özündə əks etdirən plakat açılaraq, nümayiş olunub.
Azərbaycan Cüdo Federasiyasının baş katibi ACF adından Beynəlxalq Cüdo Federasiyasına xatirə hədiyyəsini təqdim edib.
Gənclər və idman naziri Fərid Qayıbov uzun zamandan sonra cüdoçularımızın Olimpiadada qızıl medal qazanmasının əhəmiyyətinə diqqət çəkib: “Beynəlxalq Cüdo Federasiyası ilə əməkdaşlıq etmək bizim üçün də çox xoşdur. Bu Akademiya həm məşqçilər, həm də idmançıların inkişafı üçün çox vacibdir. İdmançılarımız da, məşqçilərimiz də bunu uzun zamandır arzulayırdılar. Bu prosesin bir parçası olduğumuz üçün çox şanslıyıq”.
Daha sonra Cüdo Mərkəzində fəaliyyət göstərən akademiyanı uğurla başa vuran məşqçilərə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu, Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev sertifikatları təqdim ediblər.