“Beşiktaş” Futbol Akademiyalarının baş direktoru Ufak Pak Naxçıvan Futbol Federasiyasının dəvəti ilə Muxtar Respublikaya səfər edib.
Median.Az xəbər verir ki, futbol funksioneri bu gün federasiyanın inzibati binasında qurumun rəsmiləri və futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
U.Pak rəhbəri olduğu akademiya ilə bağlı qısa məlumat verib. Baş direktor tezliklə bölgədə kütləviliyin artırılması, uşaqların bu idman oyununa cəlb edilməsi məqsədi ilə Naxçıvanda “Beşiktaş” futbol məktəbinin açılacağını bildirib. Məktəbdə ilkin olaraq 6-13 yaş qruplarına aid komandalar fəaliyyət göstərəcək.
Bundan başqa, görüş zamanı “Araz-Naxçıvan”ın futbol akademiyası ilə mümkün əməkdaşlıq da müzakirə olunub. Razılığa əsasən, yaxın vaxtlarda Türkiyə təmsilçisinin uşaq futbol komandalarında çalışan məşqçi və təlimçiləri “Araz-Naxçıvan” akademiyasında fəaliyyət göstərən məşqçilər üçün nəzəri və praktik təlimlər keçəcəklər. Akademiyada, eləcə də açılacaq məktəbdə istedadlı və perspektiv vəd edəcək uşaqlar gələcəkdə seçimlər üçün “Beşiktaş”ın akademiyasına göndəriləcəklər.
Qonaq həmçinin “Beşiktaş”ın futbolçularının imzaladığı oyun formasını NFF-nın prezidenti Zaur Axundova hədiyyə edib. Hədiyyəni görüşdə iştirak edən qurumun baş katibi Raqif Abbasov qəbul edib.
Daha sonra “Beşiktaş” rəsmisi Uzunoba Təlim-Məşq Mərkəzində məşqçilərlə, Naxçıvan Muxtar Respublika stadionunda isə uşaq futbolçularla və hakimlərlə görüşüb.