Gürcüstan millisi oyuna həyəcanla başlamamalıdır. Komandanın hücum potensialı Türkiyə yığmasından daha güclüdür.
Bunu “Report”a açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Kaxaber Sxadadze Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində bu gün baş tutacaq Türkiyə - Gürcüstan matçı barədə danışarkən deyib.
Gürcüstanlı mütəxəssis Türkiyə komandasının daha təcrübəli olduğunu söyləyib: “Mənim üçün favorit yoxdur. Çünki həm Gürcüstan, həm də Türkiyə komandasının üstünlükləri var. Türkiyənin üstünlüyü odur ki, belə yarışlarda çox təcrübəsi var. Gürcüstan millisi isə debüt edəcək. Oyunun necə başlaması vacibdir. Türkiyənin İtaliya ilə oyununa baxmışdım. İtalyan baş məşqçi gəldikdən sonra müdafiədə diqqətli və yaxşı oyun nümayiş etdirdiklərini görürəm. Hələ ki, nəsə demək çətindir. Şanslar bərabərdir”.
Qeyd edək ki, F qrupunda mübarizə aparan Türkiyə və Gürcüstan milliləri arasında görüşün start fiti saat 20:00-da səsləndiriləcək.