Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin sədri və aşağıda adı göstərilmiş üzvləri təsdiq olunsun:
- Sədr: Erkin Hüseynov
- Üzvlər: Cahangir Həsənzadə, Məhəmməd İsmayılov
2. Oyunçuların Statusu və Transferi Komitəsinin yeni Əsasnaməsinin təsdiq olunsun
3. Frits Ştuxlikin Hakimlər Komitəsinin sədri vəzifəsində müqaviləsinin müddəti uzadılsın
4. Babək Quliyev Hakimlər Komitəsinin üzvü vəzifəsinə təsdiq olunsun (vakant yerə)
5. Hakimlər üçün “Tofiq Bəhramov mükafatı”nın Əsasnaməsi təsdiqlənsin. Mükafat 2021-2022-ci il mövsümündən etibarən təqdim olunsun
6. I Divizionda limit aşağıdakı kimi müəyyənləşsin:
5 nəfər təvəllüdü 2000-ci ilə qədər olan futbolçu, 6 nəfər yaş məhdudiyyəti olmadan. Yaş məhdudiyyəti tətbiq olunmayan 6 futbolçudan 2-si legioner ola bilər
7. Əvəzedici komandası I Divizionda və qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klubların 2020-2021-ci il mövsümü üçün nəzərdə tutulan müvafiq cəriməsi COVID-19 pandemiyası ilə əlaqədar ləğv olunsun. 2021-2022-ci il mövsümündə əvəzedici komandasının I Divizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150.000 (yüz əlli min) AZN cərimə məbləğini 3 ay ərzində ödəməlidir. Əvəzedici komandası I Divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50.000 (əlli min) AZN ödənilsin;
8. Pandemiya səbəbindən futzal üzrə ölkə çempionatının keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA kubokunda çıxış edəcək klubun müəyyənləşdirilməsi Futzal Federasiyasına tapşırılsın
9. Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva ilə müqavəli 1 il müddətinə uzadılsın
10. 2021-2022-ci il mövsümündən başlayaraq I Divizionda çıxış edən ən azı 2 kluba 2022-2023-cü mövsümündən etibarən sponsorların tapılması məqsədilə AFFA tərəfindən çalışmalara başlanılsın (klublar sponsor tapılmasında çətinliklər yaşadığı üçün)
11. Növbəti mövsüm üçün I Divizion klublarından heç birinin Premyer Liqa ilə bağlı lisenziya şərtlərini yerinə yetirə bilməməsi və pandemiya ilə bağlı ortaya çıxan çətinliklər nəzərə alınaraq, Premyer Liqada növbəti mövsüm də ötən mövsüm çıxış etmiş komandalar iştirak etsin.
İclasda məlumat verildi ki, “Turan Tovuz” Futbol Klubunun nəzdində inşa olunmuş Akademiyanın saxlanılması üçün 1 illik 400 000.00 AZN vəsait tələb olunur. Bununla əlaqədar AFFA tərəfindən FIFA-ya müraciət ünvanlanıb. Layihə FIFA tərəfindən müsbət dəyərləndirilib. Növbəti 3 il ərzində “Turan Tovuz” Futbol Klubunun nəzdindəki akademiya FIFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcək.