Türkiyə, Belarus və Moldova yığmaları ilə yoldaşlıq oyunları keçirəcək futbol üzrə Azərbaycan millisinin səfər proqramı müəyyənləşib.
AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın "Report"a verdiyi məlumata görə, komanda mayın 25-də çarter reysi ilə Türkiyəyə yola düşəcək. Ukrayna "Minay"ının futbolçuları Anatoli Nuriyev və Rüstəm Əhmədzadə yığmanın düşərgəsinə qardaş ölkədə qoşulacaqlar.
Canni De Byazinin baş məşqçi olduğu kollektiv mayın 27-də "ay-ulduzlular"la Alanyadakı matçdan 4 gün sonra Belarusun paytaxtı Minskə yollanacaq.
İyunun 2-də yerli yığma ilə qarşılaşacaq milli komanda matçdan bir gün sonra Moldova ilə oyun üçün paytaxt Kişineuya səfər edəcək. İyunun 6-da moldovalılarla üz-üzə gələcək Azərbaycan millisi elə həmin gün Bakıya qayıdacaq.
Qeyd edək ki, bu gün koronavirus testindən keçən komanda üzvlərinin analiz nəticələri sabah bəlli olacaq.