UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” klubu ilə Kiprdə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı bəlli olub.
Planlar barədə Oxu.Az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
“Qarabağ” sabah Kiprin Larnaka şəhərinə yola düşəcək. Komanda birbaşa oyunun keçiriləcəyi Larnaka şəhərinə gedəcək. Uçuş vaxtı saat 11:30-a nəzərdə tutulub.
Komanda saat 19:30-da oyunun keçiriləcəyi “AEK Arena”da məşqə çıxacaq. “Qarabağ” oyun başa çatdıqdan sonra Bakıya dönəcək.
Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 16-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyun Norveç hökumətinin Azərbaycandan qayıdacaq “Molde” futbolçularına 10 günlük karantin tətbiq etməsi səbəbindən Bakıda yox, neytral ölkə kimi Kiprdə keçiriləcək.