Almaniyanın “Bohum” klubunda çıxış edən Barış Əkinciər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) hazırlıq məqsədilə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edə bilməyəcək.
AFFA-nın saytı xəbər verir ki, buna səbəb “Bohum” un altı üzvündə koronavirus (COVID-19) testinin pozitiv nəticələnməsidir.
Bununla əlaqədar Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejimi tətbiq olunub.
Qeyd edək ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də Fransanı qəbul edəcək.
Xatırladaq ki, daha əvvəl Almaniyada oynayan əsas millimizin futbolçusu Dmitri Nəzərov koronavirus səbəbindən Bakıya gəlməkdən imtina etmişdi.