İyulun 12-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli rayon hərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olmuş məlumat əsasında Füzuli rayon hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
* * * * * *
Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə, hərbi xidmətlə əlaqəsi yoxdur.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.